DÜNYA » SİYASƏT
09 Dekabr 2019, 12:04 (GMT +4)

ABŞ-ın sərt sanksiyalarına məruz qalan İran gələn ilin büdcəsini açıqlayıb

Bakı, 9 dekabr, SalamNews, B.Samid. İran prezidenti Həsən Ruhani ötən gün ölkə parlamentinə gedərək, gələn ilin büdcə proqramını ehtiva edən layihəni təqdim edib.

SalamNews Tasnim Agentliyinə istinadla xəbər verir ki, Həsən Ruhaninin layihəsində gələn ilin büdcəsi 39 milyard dollar civarında təyin edilib.

Bildirilib ki, ölkəyə qarşı sərt sanksiyaları, "müqavimət iqtisadiyyatı" strategiyasını, habelə neftə asılılığın minimuma endirilməsi addımları çərçivəsində gələn ilin büdcəsi xarici valyuta ilə 39 milyard dollar civarında təyin edilib.

İranın Büdcə və Proqramlaşdırma Təşkilatının sədri Məhəmməd Baqir Noubəxtin ötən günkü büdcə təqdimatından sonra verdiyi açıqlamasında bildirilib ki, gələn ilin büdcəsində neftə asılılıq minimuma endirilib.

Onun sözlərinə görə gələn il neft və qazdan gələn gəlirlər 22,25 milyard dollar təyin edilsə də onun yalnız 11 milyardı büdcəyə, qalanı isə, neft fondu, milli ehtiyat fondu kimi yerlərə qoyulacaq.

M.B. Noubəxtin sözlərinə görə hazırda neftin qiyməti 64 dollar olsa da İranın gələn ilin büdcəsində neftin bir bareli 50 dollardan bağlanacaq.

Qeyd edək ki, İran rəsmiləri sanksiyalardan sonra gündəlik sata bildikləri neftin miqdarını açıqlamırlar. Ekspertlərin fikrinə görə sanksiyalardan öncə İranın gündəlik 2.5 milyonluq ixracı artıq bir milyon bareldən aşağıdır.