DÜNYA » SİYASƏT
12 Dekabr 2019, 17:25 (GMT +4)

Türkiyə-Liviya memorandumundan sonra Misir Aralıq dənizində sualtı qayıqla hərbi təlimlər keçirib

Bakı, 12 dekabr, SalamNews, B.Samid. Türkiyə ilə Liviya arasında dəniz hüququnun məhdudlaşdırılmasına dair memorandum imzalandıqdan sonra Misir sualtı qayıqları ilə hərbi təlim keçirib.

SalamNews Misir mətbuatına istinadla xəbər verir ki, ölkə ordusunun dəniz qüvvələri ötən gün Aralıq dənizində hərbi gəmilərin xüsusilə də  “UGM-84 Harpoon” adlı hərbi sualtı qayığının iştirakı ilə hərbi təlimlər keçirib.

Hərbi təlimlərdə sualtı qayıqdan raketlər atılıb.

Misirin hərbi ekspertləri bu gözlənilməz hərbi təlimin Türkiyə-Liviya memorandumunu həyata keçirənlərə mesaj olduğunu bildiriblər.

Qeyd edək ki, Türkiyə ilə Liviya arasında dəniz hüququnun məhdudlaşdırılmasına dair memorandumdan sonra bır sıra ərəb ölkələri, İsrail, Yunanıstan, bəzi Avropa dövlətləri pisləyici bəyanat veriblər.

Bundan öncə Liviyanın şərq əyalətlərini nəzarətdə saxlayan general Xəlifə Haftarın ordusu ölkə sahillərinə yaxınlaşan türk gəmilərinin batırılacağı ilə bağlı xəbərdarlıq edib.

Türkiyə Parlamentinin spikeri Mustafa Şentop bildirib ki, Türkiyə ilə Liviya arasında dəniz hüququnun məhdudlaşdırılmasına dair memorandum Ankara üçün Şərqi Aralıq dənizində strateji bir addımdır. O deyib ki, imzalanan memorandum Yunanıstanın beynəlxalq hüquqa zidd olan bir çox planlarını pozacaq.