AZƏRBAYCAN » CƏMİYYƏT
18 Dekabr 2019, 13:23 (GMT +4)

Cəlilabadın Günəşli kəndində həkim məntəqəsinin yeni binası istifadəyə verilib (FOTO)

Bakı, 18 dekabr, SalamNews.Cəlilabad rayonunun Günəşli kəndində inşa edilən həkim məntəqəsinin açılışı olub.

SalamNews-un bölgə müxbiri xəbər verir ki, bu ilin əvvəlindən tikintisinə başlanılan, 9 otaqdan ibarət tibb müəssisəsinin yeni binası müasir tibbi ləvazimatlar və avadanlıqla təchiz edilib. Səkkiz min nəfərdən çox vətəndaşa xidmət edəcək tibb məntəqəsində ilkin tibbi yardım və tibbi-profilaktiki tədbirlərin həyata keçirilməsi üçün lazımi şərait yaradılıb.

Yeni səhiyyə ocağının açılış mərasimində çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov kənd sakinlərini bu münasibətlə təbrik edərək onlara sağlam həyat arzulayıb.

N.Zeynalov son illər rayonda səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, yeni tibb ocağının istifadəyə verilməsini Prezident İlham Əliyevin regionlarda səhiyyənin inkişafına göstərdiyi qayğının nəticəsi kimi dəyərləndirib.

Mərasimdə çıxış edənlər ölkəmizdə səhiyyənin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə və səhiyyə işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Sonra tədbir iştirakçıları yeni həkim məntəqəsində yaradılan şəraitlə yaxından tanış olublar.