AZƏRBAYCAN » CƏMİYYƏT
30 Dekabr 2019, 17:17 (GMT +4)

Gənclər və İdman Nazirliyi uşaqlar üçün yeni il aksiyası keçirir

Bakı, 30 dekabr, SalamNews. Yeni il öncəsi uşaqların bayram əhvalını yüksəltmək məqsədilə Gənclər və İdman Nazirliyinin yeni aksiyası keçirilir.

Yeni ildə hər uşaq Şaxta Babanın yaşadığı uzaq kəndə gəlməsini arzu edir. Bu gəliş gözlənilməz olanda daha böyük sevinc yaradır.

Bu il ölkənin bütün rayonlarında ən ucqar kənd məktəbləri Gənclər və İdman Nazirliyi tərəfindən siyahıya alınıb və bu məktəblərdə yaşayan uşaqlara Yeni İl hədiyyəsi göndərilib. Yerli Gənclər və idman İdarələri hədiyyələr gətirən Şaxta Babaya düzgün ünvanlarları tapmaqda “yardımçı olub”.

Dekabrın 29-30 davam edən aksiyada 5 minədək uşaq öz möcüzə payını alacaq.

Artıq Siyəzən rayonunun Məşrif, Dağ Quşçu kənd tam orta məktəblərində, Şabran rayonunun Taxtalar, Piebedil, Qorğan kənd məktəblərində, Gədəbəy rayonunun Mor-mor, Göyəlli, Əyridərə, Hacılar, Sonalar, Qaravəlilər, Məmmədcəfərli, Dördlər və Mutudərədə yaşayan uşaqlara Yeni il müjdəsi çatıb.

Şaxta Babalar Azərbaycanın ucqar kəndlərini dolaşır və uşaqları sevindirirlər.