AZƏRBAYCAN » SİYASƏT
07 Yanvar 2020, 17:50 (GMT +4)

Azərbaycan Milli Xalça Muzeyində “Çin təqvimi üzrə Yeni il @Bakı” adlı silsilə tədbirlər keçiriləcək

Bakı, 7 yanvar, SalamNews. Yanvarın 25-də Çin təqvimi üzrə ağ metal siçan ili başlayır.

Bu da həmin 12 illik təqvimin ilk ili sayılır. Bu münasibətlə 10-18 yanvar tarixlərində Azərbaycan Milli Xalça Muzeyində “Çin təqvimi üzrə Yeni il @Bakı” adlı silsilə tədbirlər keçiriləcək. Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə baş tutacaq tədbirdə həftə ərzində Çin ənənəvi sənət nümunələri üzrə ustad dərsləri və mühazirələr təşkil olunacaq. Ecazkar ölkənin müxtəlif mənzərələrindən ibarət foto-sərgi, video-çarx və ənənəvi bayram atributları əsl Çin Yeni ili ab-havası yaşadacaq.

SalamNews xəbər verir ki, silsilə tədbirlər hər kəs, o cümlədən uşaqlar üçün nəzərdə tutulub və iştirak ödənişdizdir. Qədim Çin çay mərasimi, fənərlər, ənənəvi açıqcaların ieroqliflərlə yazılması və s. maraqlı ustad dərsləri Bakıdakı Konfusiy İnstitutunun müəllimləri tərəfindən keçiləcək və çin dilindən tərcümədə onlara həmin təhsil ocağının tələbələri kömək edəcəklər. Bu da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” Sərəncamına töhfə olacaq.

Qeyd edək ki, Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi və bu ölkənin muzeyləri ilə Azərbaycan Milli Xalça Muzeyi sıx əməkdaşlıq edir. 2019-cu ildə Pekində Çin Milli Muzeyində, daha sonra isə Haynan şəhərində Cənub Çin Dənizi Muzeyində “Ecazkar Asiya – Asiya sivilizasiyaları” (Splendour Asia – Joint Exhibition of Asian Civilization) adlı sərgidə Heydər Əliyev Fondu və Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyalarından Azərbaycan xalçaları və digər dekorativ tətbiqi-sənət nümunələri nümayiş etdirilib. Qürurverici haldır ki, sərgilənən bu nümunələrlə üç milyondan çox insan tanış olub. Bu da Azərbaycan mədəniyyətinin incisi olan xalça sənətinin dünya səviyyəsində təbliği baxımından önəmli hadisədir.

Bununla yanaşı, Beynəlxalq Muzeylər Şurasının (ICOM) dəstəyi ilə əməkdaşlarımız mütəmadi olaraq Çin muzeylərində təşkil olunan muzeyşünaslıq üzrə treninq və konfranslarda iştirak edir.

“Çin təqvimi üzrə Yeni il @ Bakı” adlı silsilə tədbirləri də iki ölkə arasında mədəni əməkdaşlıq sahəsində əlaqələrin möhkəmlənməsinə xidmət edəcək.