AZƏRBAYCAN » CƏMİYYƏT
17 Yanvar 2020, 17:14 (GMT +4)

Çətin həyat şəraitində yaşayan uşaqlara günərzi xidmətləri göstərilir

Bakı, 17 yanvar, SalamNews.  Prezident İlham Əliyevin 1 iyun 2019-cu il tarixli “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq çətin həyat şəraitində yaşayan və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün göstərilən sosial xidmətlərin sayı artırılır.

Belə ki, bu həssas qrupa daxil olan uşaqların sosial xidmətlərə çıxışının təmin edilməsi və onların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması məqsədilə fəaliyyət göstərən Günərzi Qayğı Mərkəzlərinin sayı da 58-ə çatdırılıb.

Yeni yaradılan mərkəzlərdən biri də Daşkəsən rayonunda olan Günərzi Qayğı Mərkəzidir.

Mərkəz Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi tərəfindən yaradılmışdır. Günərzi Qayğı Mərkəzində 8 nəfəri sağlamlıq imkanları məhdud uşaq olmaqla, ümumilikdə 30 nəfər 3-12 yaşlarında olan çətin həyat şəraitində yaşayan uşağa günərzi xidmətləri göstərilir. Burada onlar gündə 3 dəfə yeməklə təmin olunur. Bundan əlavə, onlara psixoloji dəstək göstərilir və həmçinin onların asudə vaxtının səmərəli təşkili məqsədilə müxtəlif tədbirlər təşkil olunur.

Təşkilat tərəfindən fəaliyyəti təşkil olunan digər bir Mərkəz isə Masallı rayonundadır. Burada da çətin həyat şəraitində yaşayan uşaqlara günərzi xidmətləri göstərilir, məktəbdə təhsil alan uşaqlara pedaqoqlar tərəfindən ev tapşırıqlarının hazırlanmasında köməklik göstərilir, onların ailələrinə hüquqi və sosial dəstək həyata keçirilir.