DÜNYA » SİYASƏT
18 Yanvar 2020, 14:58 (GMT +4)

Regiondakı gərginliyin səbəbi ABŞ-ın nüvə sazişindən çıxmasıdır - İraq XİN

Bakı, 18 yanvar, SalamNews, B.Samid. "Region gərginliklə üzləşib. Bu ABŞ-ın dünya ictimaiyətinin İranla əldə etdiyi nüvə sazişindən birtərəfli qaydada çıxmasına görədir."

SalamNews İraq mətbuatına istinadla xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Məhəmməd Əli əl-Həkim Bağdada səfər edən iordaniyalı həmkarı ilə birgə mətbuat konfransında deyib.

Ölkə ərazisində hücumların həyata keçirilməsini pisləyən İraqın xarici işlər naziri bildirib ki, bölgədə baş qaldırmış gərginlik ABŞ-ın nüvə sazişindən çıxmasına görədir.

O həmçinin əlavə edib ki, İraq heç bir tərəfə ölkə ərazisini qarşıdurmada poliqon kimi istifadə etməsinə icazə verməyəcək.

M.Ə. əl-Həkim bildirib ki, İraq həm ABŞ həm də İran qarşısında məsələ ilə bağlı tələb irəli sürüb.

Qeyd edək ki, ABŞ carı ayın 3-də İraqda rəsmi səfərdə olan Qasim Süleymanini, İraqın Haşd-Şabi qüvvələrinin rəhbər müavini Əbu-Mehdi əl-Mühəndisi və onlarla birgə digər 8 iranlı və iraqlı hərbçini terror etdikdən sonra ölkə parlamenti əcnəbi qüvvələrin çıxmasına səs verib.