DÜNYA » SİYASƏT
31 Yanvar 2020, 10:43 (GMT +4)

İslam Əməkdaşlıq Təşkilatı Trampın Fələstin planına görə toplantı keçirir

Bakı, 31 yanvar, SalamNews. B.Samid. İslam Əməkdaşlıq Təşkilatı ABŞ prezidenti Donald Trampın “Əsrin Sazişi” adlı Fələstin planı ilə bağlı toplantı keçirir.

SalamNews əl-Aləmə istinadla xəbər verir ki, İƏT toplantısı gələn həftənin birinci günü Səudiyyə Ərəbistanın Ciddə şəhərində keçiriləcək.

Məlumata görə bu toplantı xarici işlər nazirləri müstəvisində və Trampın Fələstinlə bağlı planının qarşısını almaq məqsədilə keçirilir.

Qeyd edək ki, Ərəb Dövlətləri Liqası da sabah Qahirədə nazirlər müstəvisində növbədənkənar toplantı nəzərdə tutub.

Bildirək ki, Trampın açıqladığı planda Misirin sərhədlərinə yaxın bölgələrdə məhdud sayda fələstinli qaçqınlar üçün ərazi mübadiləsi əsasında ayrılmış (İsrailin mühasirəsində qalan) yerlər, İordan vadisinin və qərb sahilindəki yəhudi yaşayış massivlərinin İsrailin ərazisi kimi tanınması, İordan çayının qərb sahilində bəzi bölgələrin İsrail ərazisi kimi verilməsi, fələstinlilərin olduğu bölgələrin bir-birilə nəzərdə tutulmuş avtobanlarla birləşdirilməsi, Qüdsün İsrailin paytaxtı olması və sair yer alıb. Amma BMT və beynəlxalq ictimaiyyət Fələstin-İsrail münaqişəsini iki dövlətin təsisi prinsipi əsasında və 1967-ci ilin əraziləri əsasında həll edilməsini tələb edirlər ki, bu da hazırda İsrailin nəzarətində və işğalında qalmış geniş ərazilərin fələstinlilərə qaytarılması deməkdir.