DÜNYA » SİYASƏT
01 Fevral 2020, 16:32 (GMT +4)

Mahmud Abbas Fələstin dövlətinin tanınması qarşılığında ABŞ-ın ondan tələb etdiyi şərtləri açıqlayıb

Bakı, 1 fevral, SalamNews. B.Samid. "Amerikalılar məndən Qüdsün İsrailə əlavə edilməsini, İsrailin yəhudi dövləti kimi tanınmasını, əl-Əqsa məscidinin məkan və zaman baxımından bölünməsini, ev-eşiklərindən didərgin düşmüş fələstinli qaçqınların geri qayıtmamasını, Qəzzanın silahdan təcrid edilməsini və Fələstinlə bağlı beynəlxalq qanunların ləğvini tələb edirlər."

SalamNews Əlcəzirəyə istinadla xəbər verir ki, bunu Fələstin Muxtariyyətinin lideri Mahmud Abbas Ərəb Dövlətləri Liqasının Qahirədə keçirilən növbədənkənar toplantısında çıxışı zamanı deyib.

Mahmud Abbas bildirib ki, ABŞ onlardan Fələstin dövlətinin tanınması üçün elə şeylər tələb edir ki, heç bir fələstinli onu edə bilməz.

Mahmud Abbas Fələstin dövlətinin tanınması qarşılığında ABŞ-ın ondan tələb etdiyi şərtləri açıqlayıb və bildirib ki, bundan sonra münaqişə ilə bağlı heç bir danışıqlada ABŞ yeganə vasitə ola bilməyəcək.

"ABŞ prezidentinin elan etdiyi "əsrin sazişi" beynəlxalq legitimliyi ləğv edib və Tramp legitimliyini ərsəyə gətirib", deyə Mahmud Abbas ərəb dövlətlərini hərəkətə keçməyə çağırıb.