DÜNYA » SİYASƏT
05 Fevral 2020, 09:20 (GMT +4)

Cavad Zərif və Mahmud Abbas Trampın Fələstin planını müzakirə ediblər

Bakı, 5 fevral, SalamNews. B.Samid. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Fələstin Muxtariyyətinin lideri Mahmud Abbasla ABŞ-ın “Yaxın Şərqdə sülh planı”nı müzakirə edib.

SalamNews Fələstin xəbər agentliyinə (VƏFA) istinadla xəbər verir ki, Cavad Zərif ötən gün Mahmud Abbasla telefon təmasında Trampın “Əsrin sazişi” adlı planının İran tərəfindən qətiyyətlə rədd edildiyini bildirib.

Cavad Zərif bu müzakirələr zamanı bildirib ki, "İran müstəqil Fələstin dövlətinin təsisini, Şərqi-Qüdsün onun paytaxtı olmasını, bütün qaçqınların öz yurdlarına qayıtmasını münaqişənin həlli üçün yeganə yol hesab edir."

Fələstin muxtariyyətinin lideri də öz növbəsində bundan sonra “Əsrin sazişi” planının gerçəkləşməməsi üçün beynəlxalq müstəvidə atılacaq addımlardan, Fələstindaxili müzakirələrdən, Qəzzaya nümayəndə heyətinin göndəriləcəyindən söz açıb və İranın Fələstin məsələsinə dəstəyinə görə təşəkkür edib.