DÜNYA » SİYASƏT
12 Fevral 2020, 12:01 (GMT +4)

Mahmud Abbas Trampın Fələstin xəritəsini İsveçrə pendirinə bənzədib

Bakı, 12 fevral, SalamNews, B.Samid. “ABŞ-ın Fələstinlə bağlı son planındakı xəritə İsveçrə pendirinə bənzəyir. Burada Fələstin bir-birindən ayrılıb, parçalanmış massivlərdəki toplumlara bənzəyirlər.”

SalamNews Sputnik.Arabic-ə istinadla xəbər verir ki, bunu Fələstin Muxtariyyətinin lideri Mahmud Abbas ötən gün BMT Təhlükəsizlik Şurasının toplantısında çıxışı zamanı deyib.

ABŞ-ın “Əsrin sazişi” kimi tanınan Fələstin planının onlar tərəfindən qəti şəkildə rədd edildiyini bildirən Mahmud Abbas Trampın təqdim etdiyi xəritəni İsveçrə pendirinə bənzədib.

O bildirib ki, bu xəritədə Fələstin cəmiyyəti bir birindən ayrılmış və parçalanmış formada təqdim edilir.

Mahmud Abbas beynəlxalq ictimaiyyətdən istəyib ki, Trampın planı gələcəkdə məsələ ilə bağlı hər hansı bir razılaşmanın əsası kimi qəbul edilməsin. O bildirib ki, bu plan Fələstin məsələsini “birdəfəlik” etmək üçün ABŞ və İsrailin hazırladığı qabaqlayıcı plandır.

Fələstin muxtariyyətinin lideri İsraillə yenidən danışıqlara getməyin şərtlərini də açıqlayıb və bildirib ki, İsrail bunun üçün işğal edilən ərazilərdə tikintiləri dayandırmalı, son illərdə atılan addımları ləğv etməlidir.

Qeyd edək ki, Donald Tramp Administrasiyasının ötən ay açıqladığı “Yaxın Şərqdə sülh planı”na əsasən İordan çayının qərbindəki (1967-də işğal edilən Fələstin əraziləri) yəhudi yaşayış massivləri, buradakı İordan vadisi, Colan Yüksəklikləri İsrailin ərazisi kimi verilib, Qüds isə tam olaraq İsrailin paytaxtı kimi tanınıb.