AZƏRBAYCAN » MEDİA
14 Fevral 2020, 09:33 (GMT +4)

Azərbaycan Televiziyasının 64 yaşı tamam olur

Bakı, 14 fevral, SalamNews. Bu gün Azərbaycan Televiziyasının (AzTV) 64 yaşı tamam olur. Ölkənin efir məkanında parlayan ilk ulduz kimi yaddaşlara yazılan milli televiziyamız Azərbaycan Radiosundan 30 il sonra – 1956-cı ildə fəaliyyətə başlayıb. İlk veriliş günündə ekranda Nəcibə Məlikova görünüb və çıxışına "Göstərir Bakı" kəlməsi ilə başlayıb. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi göstərilib.

SalamNews xəbər verir ki, AzTV yarandığı vaxtdan ətrafına böyük tamaşaçı auditoriyası toplaya bilib, sanballı, cəlbedici verilişləri ilə insanların rəğbətini qazanıb. Televiziyanın tarixinə nəzər saldıqda onun bu illər ərzində keçdiyi böyük inkişaf yolu, qazandığı uğurlar kino lenti kimi göz önündə canlanır.

1957-ci ildən Azərbaycan televiziyası həftədə beş dəfə efirə çıxıb və yalnız 1962-ci ildə gündəlik yayıma başlayıb. İldən-ilə təkmilləşən milli televiziyamız 2005-ci ilin yanvarından 24 saatlıq fasiləsiz yayıma keçib və həmin ilin martından fəaliyyətini Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti kimi davam etdirir.

Azərbaycan Televiziyası ölkə teleməkanının formalaşmasında böyük rol oynayıb. Bu, müstəqillik dövründə yaradılan bütün telekanalların fəaliyyətində özünü qabarıq göstərib. 1991-ci ildə AzTV rəhbərliyinin təşəbbüsü ilə ölkə teleməkanında ilk özəl studiya - “215 KL” adlı studiya yaradılıb. Sonrakı illərdə Azərbaycan teleradiosunda yetişən peşəkarlar özəl televiziya və radioların qurulması prosesində fəal iştirak ediblər.

4 sentyabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rövşən Məmmədovun "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

SalamNews-un kollektivi Azərbaycan Televiziyasında işləyən həmkarlarını təbrik edir, yaradıcılıq işlərində uğurlar, yeni nailiyyətlər arzulayır.