AZƏRBAYCAN » CƏMİYYƏT
18 Fevral 2020, 10:10 (GMT +4)

Bakıda silsilə oğurluqlar edən şəxslər tutulublar

Bakı, 18 fevral, SalamNews. Paytaxtın Binəqədi rayonu ərazisində silsilə oğurluqlar edən şəxslər tutularaq istintaqa cəlb olunublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SalamNews-a bildiriblər ki, Binəqədi rayonunda naməlum şəxsin mənzillərdən birinə daxil olaraq qızıl-zinət əşyaları və iki mobil telefon oğurlaması ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Oğurluq hadisəsini törədən şəxsin ikinci mərtəbədəki mənzilə pəncərəni qıraraq daxil olduğu müəyyən edilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxslər - yetkinlik yaşına çatmayan paytaxt sakinləri Oruc Ağayev və İlkin Salayev bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində tutulublar. Araşdırma zamanı onların Binəqədi rayonundan başqa paytaxtın digər ərazilərində də çoxsaylı oğurluq hadisələri törətdikləri məlum olub.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində S.S.Axundov küçəsində yerləşən dönər satışı məntəqələrinin birindən 800 manat məbləğində pul və dəyəri 900 manat olan qril aparatı oğurlayan şəxs də saxlanılıb. Əməliyyat zamanı həmin hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Nəsir İsmayılov tutulub. Onun əvvəllər həmin dönər satışı məntəqəsində işlədiyi müəyyənləşib.

Faktlarla bağlı saxlanılan şəxslər barəsində 5-ci polis bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Hər iki faktla bağlı təhqiqat davam etdirilir.