AZƏRBAYCAN » İDMAN
19 Fevral 2020, 10:30 (GMT +4)

Şahdağ Turizm Mərkəzi ilə Milli Paralimpiya Komitəsi arasında memorandum imzalanıb

Bakı, 19 fevral, SalamNews.Şahdağ Turizm Mərkəzi özünün korporativ sosial məsuliyyət siyasəti çərçivəsində Milli Paralimpiya Komitəsi (MPK) ilə tərəfdaşlıq memorandumu imzalayıb.

Komitənin Mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, memorandumu Şahdağ Turizm Mərkəzi QSC-nin sədri Rodderiç Leffler və Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov imzalayıb.

Memorandum hər iki qurum arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsini, qış idman növləri başda olmaqla Paralimpiya Komitəsinin nəzdində olan idman növlərinin inkişafına dəstəyi nəzərdə tutur.

"Bizim üçün bu tərəfdaşlıq çox vacibdir. İdmançılarımızın hazırlıqlarına hansısa bir şəkildə dəstək ola biləcəyimiz üçün son dərəcə qürurluyuq. Ölkənin ilk və ən böyük turizm mərkəzi olaraq paralimpiyaçılarımızın hazırlıqlarının keçirilməsini dəstəkləmək həm ölkə idmanının inkişafına, həm də korporativ sektor tərəfindən paralimpiya hərəkatına diqqətin artırılmasına verilmiş bir töhfədir. Sevindirici haldır ki, ötən mövsümlərdə dağ xizəyi idman növü üzrə mərkəzimizdə hazırlıq keçmiş idmançılar gözəl nəticələr verirlər. Həm texniki bazamızla, həm də əməkdaşlarımızla bu fəaliyyətlərin daha da dərinləşməsinə çalışacağıq. Mən sözügedən idmançıların hazırlanmasında ciddi çalışan, dağ xizəyi komandasının məşqçiləri olan Şahdağ Turizm Mərkəzinin əməkdaşlarına uğurlar arzu edirəm və daha böyük nailiyyətlər əldə edəcəyimizə inanıram”, - R.Leffler bildirib.

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, ilk növbədə, Şahdağ Turizm Mərkəzində idmançılarımız üçün yaradılan şəraitə görə Rodderiç Lefflerə öz təşəkkürünü bildirib və Tokionun 2020 Paralimpiya Oyunlarına hazırlıq ərəfəsində mərkəzdə idmançılarımızın təlim məşq keçmələrinin Paralimpiya hərəkatına böyük dəstək olduğunu vurğulayıb. İlk dəfə Azərbaycanın Pekin-2022 Qış Paralimpiya Oyunlarında iştirak edəcəyini qeyd edib. Daha sonra İ.Rəhimov Şahdağ Turizm Mərkəzində hal hazırda təlim məşqdə olan dağ xizəyi idman növü üzrə idmançılarımızın məşq proseslərini yaxından izləyib, idmançıların fiziki hazırlıq səviyyələri ilə tanış olub və onlara uğurlar arzulayıb.

Qeyd edək ki, Şahdağ Turizm Mərkəzi ən müasir avadanlıqlarla təchiz edilmiş, aparıcı beynəlxalq şirkətlər tərəfindən qurulan ölkənin ilk və ən böyük dağ kurortudur. Şahdağ milli parkının yaxınlığında salınan bu kompleks Azərbaycanda dağ-xizək və digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaradır.