AZƏRBAYCAN » İDMAN
19 Fevral 2020, 11:00 (GMT +4)

Bakıda "AVRO 2020: KOB-lar üçün perspektivlər" mövzusunda tədbir keçirilib

Bakı, 19 fevral, SalamNews.Bakı Biznes Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və AFFA-nın təşkilatçılığı ilə "AVRO 2020: KOB-lar üçün perspektivlər" mövzusunda tədbir keçirilib.

SalamNews-un məlumatına görə, KOBİA-nın icraçı direktoru Orxan Məmmədov futboldan necə gəlir etməyin mümkünlüyünü müzakirə edəcəklərini bildirib. O deyib ki, artıq ölkədə bir neçə böyük idman qurğusu var və nüfuzlu beynəlxalq yarışlar keçirilib. O.Məmmədov çempionat qarşılaşmalarının yüksək səviyyədə təşkil olunacağına inam ifadə edib.

Bakıya Türkiyə kimi böyük azarkeş kütləsinə malik yığma ilə birgə çılğınlığı ilə tanınan Uels və çoxlu sayda İsveçrə fanatının gələcəyini söyləyən KOBİA rəhbəri Dənizkənarı Parkda fan-zonaların qurulacağını diqqətə çatdırıb: "Kiçik və orta biznes subyektləri orada ictimai iaşə müəssisələrini UEFA standartlarına uyğun qura və öz məhsullarını təqdim edə bilərlər. Qrup mərhələsinin oyunları 13 - 21 iyunda olacaq. Ümid edirəm ki, fan-zonalar daha tez açılacaq. Eyni zamanda Bakı Olimpiya Stadionu ətrafında da belə imkanlar yaradıla bilər. AFFA-ya çağırışımızı müsbət cavablandırdığı üçün minnətdaram".

AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov Bakının dövlət dəstəyi ilə AVRO-2020-nin ev oyunlarına ev sahibliyi edəcəyini vurğulayıb. O, ev sahibliyi etməklə təkcə Azərbaycanı yox, bütöv bölgəni təmsil etdiklərini söyləyib: "Bu, bizim üçün məsuliyyət, siz sahibkarlar üçün isə fürsətdir. Ötən il Avropa Liqasının final oyunu ilə əlaqədar xaricdən 38 min nəfər gəlib. İndi isə azı 3 dəfə çox qonağın gələcəyinə əminəm. Sizi bu fürsətdən yararlanmağa çağırıram".

AVRO-2020-nin Bakı şəhəri üzrə layihə koordinatoru Kamran Vəliyev çempionat qarşılaşmaları ilə bağlı ətraflı məlumat verib.

Qeyd edək ki, AVRO-2020-nin təqviminə əsasən, iyunun 13-də Bakı Olimpiya Stadionunda A qrupunun Uels - İsveçrə oyunu keçiriləcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, iyulun 4-də 1/4 final mərhələsinin bir oyunu Bakıda gerçəkləşəcək. Uelslilər iyunun 21-də Romada İtaliya ilə qarşılaşacaqlar.

AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda üz-üzə gələcəklər.