DÜNYA » SİYASƏT
22 Fevral 2020, 10:54 (GMT +4)

Əlcəzair prezidenti Suriyanın Ərəb Dövlətləri Liqasına geri çağırılmasını istəyib

Bakı, 22 fevral, SalamNews, B.Samid. Əlcəzairin yeni prezidenti Əbdülməcid Tabun rəsmi Dəməşqin Ərəb Dövlətləri Liqasına geri çağırılmasını istəyib.

SalamNews xəbər verir ki, Əlcəzair prezidenti bunu RT-ə verdiyi müsahibəsində deyib.

Əlcəzair prezidenti bildirib ki, Suriya ƏDL-ın əsas təsisçilərindən biri ola-ola kənarda qalması təəssüfləndirici haldır.

"Biz diplomatik dəyərlərimizə sadiqik. Razı olmarıq ki bir ərəb ölkəsinin xalqı və ya dövləti zərər görsün. Suriya ƏDL-in əsas təsisçilərindən biridir. İndi onun rolu beynəlxalq müstəvidə zəiflədilir, buna görə ki, müqavimət göstərən ölkələrdəndir."

Qeyd edək ki, bundan öncə Əlcəzairin XİN rəhbəri də eyni tələblə çıxış etmişdi.

Rəsmi Dəməşq 2012-ci ildə Qətərin ƏDL-ə rəhbərlik etdiyi dövrdə bu liqadan çıxarıldı və liqadakı üzvlük Suriya müxalifətinə verildi.

Livan və Tunis son illərdə ƏDL-ə başçılıq etsələr də Suriyanın liqaya geri çağırılmasına müvəffəq ola bilməyiblər. Cari ilin martında Əlcəzairdə keçirilən liqa toplantısında məsələnin gündəmə çıxarılacağı gözlənilir. Suriya rəsmiləri bildirirlər ki, ƏDL belə bir qərarı ABŞ-ın yaşıl işığı olmadan verə bilməyəcək.