AZƏRBAYCAN » İQTİSADİYYAT
28 Fevral 2020, 11:30 (GMT +4)

ARDNF-in vəsaitləri 90% artıb

Bakı, 28 fevral, SalamNews.Son 10 il ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) vəsaitləri pik nöqtəsinə çataraq 43 323 mln. ABŞ dolları təşkil edib.

ARDNF-dən SalamNews-a verilən məlumata görə, 2010-cu ildən (22 767 mln. dollar) 2019-cu ilədək fondun vəsaitləri 90,3% artıb.

Məlumata əsasən, fondun investisiya portfeli üzrə gəlirliliyi 2010-cu ildən (0,99%) 2019-cu ilədək (5,29%) 5,3% artıb.

Qeyd edək ki, ARDNF aktivləri 43,3 mlrd. ABŞ dolları təşkil edib, bu da 2019-cu ilin əvvəlinə olan göstəricisi (38,5 mlrd. dollar) ilə müqayisədə 12,5% çoxdur.

Ötən il 2019-cu ildə Dövlət Neft Fondunun büdcəsində xam neftin orta illik ixrac qiyməti 60 ABŞ dolları nəzərdə tutulmuşdu. Beynəlxalq bazarlarda isə neftin qiyməti bu göstərici ilə müqayisədə yüksək olub və ortaçəkili satış qiyməti 64 dollar təşkil edib. Bu da öz növbəsində ARDNF-in sterilizasiya və yığım funksiyalarının effektiv icrasına, valyuta ehtiyatlarının artırılmasına əlverişli şərait yaradıb.