DÜNYA » SİYASƏT
11 Mart 2020, 13:46 (GMT +4)

Səudiyyə koalisiyası son sutkada Yəmənin şimalına azı 70 aviazərbə endirib

Bakı, 11 mart, SalamNews, B.Samid. Səudiyyə Ərəbistanın hərbi koalisiyası əl-Couf əyalətinin inzibati mərkəzi əl-Həzm şəhərini itirdikdən sonra hücumlarının kəsərini artırıb və son sutkada azı 70 hava zərbəsi endirib.

SalamNews  əl-Məsira telekanalına istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı koalisiyasının hərbi təyyarələri və helikopterləri ötən gündə əl-Couf, Mərib və Həcca əyalətlərinə ümumilikdə 70-dən çox hava zərbələri endiriblər.

Bu hava zərbələri Yəmən Ordusu və "Xalq Komitələri"nin (husilər) hərbçilərilə yanaşı bir neçə mülki şəxsin həlak olması ilə də nəticələnib.

Hazırda Yəmənin əl-Couf və Mərib əyalətləri tərəflər arasında şiddətli döyüşlərin şahididir.

Ötən həftə husilər əl-Couf əyalətinin inzibati mərkəzini nəzarətə götürmüşdülər.

Səudiyyə Ərəbistanı koalisiyası 2015-ci ilin martından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıb.