DÜNYA » SİYASƏT
25 Mart 2020, 11:45 (GMT +4)

Boko-Haram qruplaşmasının hücumu nəticəsində Çad Ordusunun 92 əsgəri həlak olub

Bakı, 25 mart, SalamNews, B.Samid. Çadın əl-Buheyra əyalətində yerləşən Buma bölgəsində ordunun 92 əsgəri həyatını itirib.

SalamNews FransPress-ə istinadla xəbər verir ki, bu barədə Çadın prezidenti İdris Debi açıqlama verib.

Hücumla bağlı bölgəyə səfər edən prezident mətbuata açıqlamasından bildirib ki, həftənin ilk günü Boko-Haramın hücumu nəticəsində ordunun 92 zabit və əsgəri həlak olub.

FransPress-in məlumatına görə Boko-Haramın bu hücumunda 24 hərbi texnika sıradan çıxıb və bir neçə zirehli texnika terrorçuların əlinə keçib.

Boko-Haram son aylarda Çadın, Nigeriya, Niger və Kameronun sərhədlərində yerləşən bölgələrdə hücumlarını artırıb.

BMT-nin statistikalarına görə, Boko-Haramın hücumları nəticəsində 2009-dan indiyədək Nigeriyanın şimal şərqində iki milyon insan ev-eşiklərini tərk etməyə məcbur qalıb.

Artıq 5 ildir Fransanın və bölgə dövlətlərinin birgə hərbi qüvvələri qurumaqda olan Çad gölü ətrafında Boko-Harama qarşı əməliyyatlar həyata keçirirlər.