AZƏRBAYCAN » SİYASƏT
31 Mart 2020, 11:46 (GMT +4)

Türkiyə işğal altında olan Dağlıq Qarabağdakı qondama seçkiləri tanımır - XİN

Bakı, 31 mart, SalamNews. Türkiyə beynəlxalq ictimaiyyəti Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində 31 mart 2020-ci il tarixinə planlaşdırılan qondarma seçkiləri tanımamağa çağırır.

SalamNews "Anadolu" agentliyinə istinadən məlumat verir ki, bu barədə Türkiyə XİN-nin bəyanatında deyilir.

Bəyanatda qeyd edilir ki, işğal altındakı Dağlıq Qarabağdakı mövcud vəziyyəti qanuniləşdirmək üçün birtərəfli cəhdlər yolverilməzdir, bu beynəlxalq hüquqa ziddir.

"Bu addım beynəlxalq hüququ kobud şəkildə pozur, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və ATƏT prinsiplərinə ziddir", sənəddə qeyd edilir.

Türkiyə XİN Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini vurğulayır.

"ATƏT Minsk qrupunun himayəsi altında davam edən danışıqlar fonunda Azərbaycanın işğal olunmuş ərazilərində qondarma seçkilərin keçirilməsi münaqişənin sülh yolu və uzunmüddətli həlli istiqamətində göstərilmiş səylərə zərbədir. Beynəlxalq ictimaiyyəti, o cümlədən ATƏT Minsk Qrupu üzvlərini bu seçkiləri tanımamağa çağırırıq", bəyanatda deyilir.