AZƏRBAYCAN » MEDİA
14 Aprel 2020, 16:10 (GMT +4)

Mətbuat Şurası jurnalistlərin siyahısını Operativ Qərargaha təqdim edib

Bakı, 14 aprel, SalamNews. Azərbaycan Mətbuat Şurasının Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahla apardığı müzakirələr nəticəsində əmək müqaviləsi olmayan, xidməti müqavilə ilə frilans kimi çalışan jurnalistlərin sərbəst fəaliyyətlərinə icazə verilməsi barədə razılıq əldə edilib. Şuraya bununla bağlı müraciət edən kütləvi informasiya vasitələri və jurnalistlərin siyahısı Operativ Qərargaha təqdim olunub.

Bu barədə SalamNews-a Şuradan məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən fəaliyyətinə icazə verilən istiqamətlər sırasında kütləvi informasiya vasitələri də yer alıb. Bununla belə MŞ-yə mövcud istiqamətdəki sui-istifadələr barədə məlumatlar daxil olur. Belə hallar Şuranın Daxili İşlər Nazirliyi ilə birgə monitorinq qrupu tərəfindən diqqətdə saxlanılır.

Eyni zamanda real jurnalistlik fəaliyyəti ilə məşğul olan elə jurnalistlər də var ki, əmək müqaviləsi ilə çalışmadıqlarından problemlərlə üzləşirdilər. MŞ belə halların da nəzərə alınmasının tərəfdarıdır və qurumun Operativ Qərargahla əldə etdiyi razılıq bundan irəli gəlir.

Mətbuat Şurası bir daha bildirir ki, jurnalistika, fəaliyyəti cəmiyyət üçün zəruri sahə olduğundan, media təmsilçilərinin iş sərbəstliyinə icazə verilib. Ancaq bu o demək deyil ki, sərbəstlik tam məhdudiyyətsizlik kimi başa düşülsün. Ümumən karantin rejimində müəyyənləşdirilmiş tələb və tövsiyələrə əməl olunması şərtdir. “Evdə qal” prinsipinə riayət mütləqdir.

Jurnalistlər, əgər bunun üçün imkanları varsa, mümkün qədər öz yaşayış yerlərində fəaliyyətlərini davam etdirməlidirlər. KİV rəhbərlərinin məsələyə həssas yanaşmaları tövsiyə olunur. Nəzərə alınmalıdır ki, bayırda, insanlarla daha çox təmas infeksiyaya yoluxma riskini artırır.