AZƏRBAYCAN » DİN
20 Aprel 2020, 20:36 (GMT +4)

Bakıda məscidin icması xristianlara Pasxa yardımı ediblər (FOTOLAR)

Bakı, 20 aprel, SalamNewsKoronavirus pandemiyasının yayılması fonunda, yardımsevər vətəndaşlarımızla yanaşı müxtəlif qurumlar, tanınmış simalar və şirkətlər öz yardım əlini imkansız ailələrə uzadıblar.

SalamNews xəbər verir ki, paytaxtın Məşədi Dadaş məscidi dini icması da artıq üçüncü həftədir ki, geniş xeyriyyə aksiyası keçirir.

İmkanlı soydaşlarımızın maddi dəstəyi və məscidin gənc könüllülərinin zəhməti ilə artıq mindən artıq ailə ərzaq yardımı alıb.

Lakin, bu dəfə Məşədi Dadaş məscidi əsrlərlə davam edən tolerantlıq ənənələrinə sadiq qalaraq nümunəvi bir addım atıb. Bildiyiniz kimi, aprelin 19-u xristian vətəndaşlarımız Pasxa bayramını qeyd ediblər. Bu münasibətlə məscid icması aztəminatlı xristian ailələrinə bayram azuqəsi paylayıb.

Məscidin imamı Hacı Şahin Həsənlinin sözlərinə görə, yardımlaşmaq, paylaşmaq hər birimizin insani vəzifəsidir: "Dinindən, milliyətindən asılı olmayaraq bizə müraciət edən hər kəsə yardım etməyə çalışırıq. Bu işdə əlindən gələn köməkliyi göstərən hər bir soydaşımıza təşəkkür edirəm. Bu çətin günlərdə ehtiyaclı ailələrə yardım etmək, xalqa xidmət etmək bizim üçün bir şərəfdir. Allaha dua edirik ki, çətin günlər tezliklə geridə qalsın".