AZƏRBAYCAN » CƏMİYYƏT
27 Aprel 2020, 13:41 (GMT +4)

ASAN könüllüləri daha bir sosial yardım layihəsinə başlayırlar

Bakı, 27 aprel, SalamNews. Müxtəlif sosial və ekoloji layihələr çərçivəsində əməkdaşlıq edən "ASAN Könüllüləri" Təşkilatı və "Coca-Cola Fondu" ölkəmizdə koronavirus (COVID-19) pandemiyasına qarşı aparılan mübarizəyə dəstəyini davam etdirmək üçün yeni sosial layihəyə başlayır. Fondun maliyyələşdirdiyi layihə çərçivəsində ASAN könüllüləri karantin rejimində çalışan həkimlərə müvafiq tibbi ləvazimatlar təqdim edəcək və 3500 aztəminatlı ailəni ərzaq və şəxsi gigiyena vasitələri ilə təmin edəcəklər.  Bundan başqa layihədə COVID-19 infeksiyasının yayılmasının qarşısını almağa kömək məqsədilə əhali arasında sosial şəbəkələr vasitəsilə müxtəlif maarifləndirmə işi aparılacaq.  

SalamNews xəbər verir ki, layihə COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması üçün "Coca-Cola" ilə əməkdaşlığın davamıdır.

Xatırladaq ki, bundan öncə "ASAN Könüllüləri" Təşkilatı "Coca-Cola Azərbaycan"ın dəstəyi ilə ölkəmizdə karantin rejimində çalışan xəstəxanalar üçün 120,000 su məhsulunun çatdırılmasını təmin edib.