DÜNYA » SİYASƏT
07 May 2020, 12:28 (GMT +4)

Co Baydenin növbəti seçki vədi: Ərazilərin İsrailə əlavə edilməsinə razılıq verməyəcəyəm

Bakı, 7 may, SalamNews, B.Samid. ABŞ-da demokratçıların namizədi Cozef Bayden prezident olacağı təqdirdə Fələstin-İsrail münaqişəsilə bağlı Donald Tramp Administrasiyasından fərqli addımlar atacağını bildirib.

SalamNews xarici KİV-lərə istinadla xəbər verir ki, Al-Manitor Cozef Baydenin Yaxın Şərq münaqişəsilə bağlı son açıqlamasını dərc edib.

Məlumata görö Cozef Bayden prezident olacağı təqdirdə İordan çayının qərbində salınan (yəhudi) yaşayış massivlərinin və İordan vadisinin İsrailə əlavə edilməsinə razılıq verməyəcəyini, Şərqi-Qüdsdə Fələstin muxtariyyəti üçün ABŞ konsulluğu açacağını, Vaşinqtonda Fələstin Azadlıq Təşkilatının rəsmi nümayəndəliyinin yenidən açılacağına icazə verəcəyini və ABŞ-Fələstin danışıqlarını bərpa edəcəyini bildirib.

ABŞ-da prezidentliyə namizəd açılayıb ki, Yaxın Şərqlə bağlı iki dövlətin təsisi prinsipini rəhbər tutaraq, İsrail və fələstinliləri danışıqlar masasına çəkməyə çalışacaq.

Qeyd edək ki, Donald Tramp Administrasiyası Qüdsü İsrailin paytaxtı tanıyıb, səfirliyi Təl-Əvivdən Qüdsə köçürüb, Fələstin Azadlıq Təşkilatının Vaşintondakı nümayəndəliyini bağlatdırıb, Suriyanın Colan Yüksəkliklərini İsrail ərazisi kimi tanıyıb, “Əsrin Sazişi” planında işğal edilmiş İordan çayının qərb sahilində salınan (yəhudi) yaşayış massivləri və İordan vadisini İsrailin ərazisi kimi tanıyıb, BMT-nin fələstinli qaçqınlarla bağlı yardım fondu UNRWA-a maddi yardımı dayandırıb.