AZƏRBAYCAN » CƏMİYYƏT
08 May 2020, 13:05 (GMT +4)

AzMİU tələbələrindən italyanlara dəstək

Bakı, 8 may, SalamNews.Azərbaycan Memarlıq və İnşaat Universitetində fəaliyyət göstərən İtaliya - Azərbaycan Dizayn Mərkəzi nəcib təşəbbüslə çıxış edib. Mərkəz universitetin Memarlıq fakültəsinin tələbələri ilə birgə Avropa dövlətləri arasında COVİD-19 koronavirus pandemiyasından ən çox zərər çəkən İtaliya Respublikasına dəstək xarakteri daşıyan “CE LA FAREMO, ITALİA!” layihəsi ərsəyə gətirib.

Universitetdən SalamNews-a verilən məlumata görə, “Biz bu bəlanın öhdəsindən bərabər gələcəyik, İtaliya” mənasını verən şüar altında hazırlanan videoçarxda tələbələr İtaıiyaya dəstək olduqlarını, onların ağrılarına acıdıqlarını, kədərlərinə şərik olduqlarını, bu dəhşətli bəlaya qalib gəlmək üçün bərabər olduqlarını müxtəlif bədii forma və dizayn tərtibatları ilə hazırladıqları maskalar üzərindən çatdırmağa çalışıblar.

Layihədə iştirak edən 18 tələbə 29 fərqli iş nümayiş etdirib. Onu da qeyd edək ki, layihə onlayn formatda həyata keçirildiyinə görə daha geniş iştirakçı kütləsini cəlb edə bilib. Belə ki, tələbələrdən başqa layihədə 3 nəfər də qonaq qismində iştirak edib və onların təqdim etdikləri işlər layihənin videoçarxında “qonaqlarımız” bölməsində nümayiş olunub. Videoçarxın sonunda ölməz sənətkarımız Müslüm Maqomayevin ifasında məşhur “Bella, ciao!” mahnısı da səsləndirilib. Sanki sənətkar bu möhtəşəm və əvəzolunmaz ifası ilə İtaliya – Azərbaycan arasında olan dərin dostluq əlaqələrini bir daha vurğulayır.

Məlumat üçün qeyd edək ki, İtaliya - Azərbaycan Dizayn Mərkəzi tərəfindən mütəmadi keçirilən bu tip layihələr tələbələrdə karantin zamanı yaradıcılıq fəaliyyətindən geri qalmamaq, ruh yüksəkliyini saxlamaq, həmrəylik və humanist təşəbbüslərini nümayiş etdirmək üçün şərait yaratmaq məqsədi daşıyır. Bu baxımdan qeyd olunan layihə davamlı xarakter daşıyır və yaxın zamanlarda yeni mövzular təqdim olunacaq.