AZƏRBAYCAN » İQTİSADİYYAT
11 May 2020, 13:10 (GMT +4)

ABA özünüməşğulluğa cəlb olunanlarla növbəti müqavilələr imzalayıb

Bakı, 11 may, SalamNews.Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv banklar tərəfindən əhalinin həssas qruplarının özünüməşğulluğunun dəstəklənməsi davam edir.

ABA-dan SalamNews-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə banklar tərəfindən dəstək göstərilməsi ilə bağlı sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsü özünüməşğulluq proqramının genişləndirilməsi işlərində bankların da iştirakına şərait yaradıb.

Ümumilli Lider Heydər Əliyev ölkədə məşğulluğun artırılması, əmək qabiliyyətli əhalinin ictimai əməyə cəlb olunması, əmək ehtiyatlarından səmərəli istifadə edilməsini, eyni zamanda özünüməşğulluğun inkişafını hər zaman diqqət mərkəzində saxlayırdı. Onun qayğısı və diqqəti ilə bu sahədə də çox böyük müsbət dəyişikliklər baş vermiş orta və kiçik şəhərlər, kənd yerləri də daxil olmaqla ölkədə əlavə iş yerləri yaradılmış, əhalinin məşğulluq səviyyəsi dəfələrlə yüksəlib.

Məşğulluğun artması, özünüməşğulluq layihələrinin genişlənməsi indi də dövlət və hökumət orqanlarının qarşısında mühüm bir vəzifə olaraq durur.

Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğuna dəstək sahəsində əməkdaşlığa dair imzalanan memorandumun icrası istiqamətində fəal iş aparılır.