DÜNYA » SİYASƏT
13 May 2020, 09:20 (GMT +4)

Pompeo Fələstin ərazilərinin İsrailə əlavə edilməsi fonunda Qüdsə gedib

Bakı, 13 may, SalamNews, B.Samid. ABŞ dövlət katibi Mayk Pompeo koronavirus pandemiyasından sonra ilk xarici səfər olaraq İsrailə gedib. Tərəflər İordan çayının qərb sahilində bəzi ərazilərin İsrailə əlavə edilməsi istiqamətində atılan və atılacaq addımları da müzakirə edəcəklər.

SalamNews BBC-ə istinadla xəbər verir ki, ABŞ Dövlət katibi Mayk Pompeo koronavirus pandemiyasından sonra ilk xarici səfərini İsrailə edib. Artıq Mayk Pompeo İsrailə çatıb və o ilk növbədə işğal altında olan Qüdsdə baş nazir Benyamin Netanyahu ilə görüşəcək.

Məlumata görə tərəflərin əsas müzakirə obyekti işğal altında olan İordan çayının qərb sahilində bəzi ərazilərin üzərində İsrailin suverenliyinin tanınması, habelə İsrail-Çin iqtisadi əlaqələri olacaq.

Bəzi ABŞ mənbələri bildirir ki, Mayk Pompeo İsrail tərəfindən bu addımın təxirə salınmasını istəyəcək.

Qeyd edək ki, bundan öncə ABŞ prezidenti Donald Trampın "Əsrin Sazişi" planında olduğu kimi Mayk Pompeo da İordan çayının qərb sahilindəki İordan vadisi və sonradan salınan yəhudi yaşayış massivlərinin İsrailə əlavə edilməsinə razılıq verəcəklərini bildirib.

Bildirək ki, müsəlman dünyasında ramazanın son cümə günü fələstinlilərin hüquqları, islamın birinci qibləsi işğal altında qalan Qüds şəhəri və əl-Əqsa məscidi ilə bağlı aksiyaların keçiriləcəyi gözlənilir.