DÜNYA » SİYASƏT
14 May 2020, 10:27 (GMT +4)

Venesuela BMT Təhlükəsizlik Şurasından təcili iclas keçirməsini istəyib

Bakı, 14 may, SalamNews. Venesuela, ölkədəki hakimiyyəti dəyişdirmək üçün ABŞ və Kolumbiyanın təşkil etdiyi iddia edilən dövlət çevrilişi cəhdi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasından təcili iclas keçirməsini istəyib.

SalamNews TASS-a istinadla xəbər verir ki, bu barədə Venesuelanın Daimi Nümayəndəsi Samuel Monkadanın Təhlükəsizlik Şurasının prezidentinə göndərdiyi məktubda deyilir.

Monkadanın BMT Təhlükəsizlik Şurasına göndərdiyi 14 səhifəlik müraciətdə qeyd edilir ki, "mayın 3-dən 4-ə keçən gecə Kolumbiya və ABŞ hökumətləri tərəfindən təşkil edilmiş, maliyyələşdirilən və qorunan bir qrup muzdlu şəxs və terrorçu Venesuela ərazisinə qanunsuz şəkildə daxil olub".

Saxlanılanlar arasında iki ABŞ vətəndaşı da var.

Venesuela prezidenti Maduro dövlət televiziyasının efirində Lyuk Aleksandr Denmanın və Ayran Berrinin sənədlərini nümayiş etdirib. Lyuk Aleksandr Denman ifadəsində bildirib ki, digərləri ilə birlikdə aeroportu nəzarət altına almalı və Venesuela prezidenti Nikolas Maduronu ora, daha sonra ordan ABŞ-a aparmalı imiş.

ABŞ prezidenti Donald Tramp, Vaşinqtonun Venesuelada həbs olunan bu insanlarla əlaqəsi olmadığını və ABŞ-ın bu ölkəyə qarşı əməliyyat keçirmə planı olsaydı bunu gizlətməyəcəyini açıqlayıb.