DÜNYA » SİYASƏT
21 May 2020, 16:39 (GMT +4)

ABŞ ÜST rəhbərinin Çin ilə "yaxın əlaqələri" olduğundan şübhələnir

Bakı, 21 may, SalamNews. Vaşinqton koronavirusun yayılmasından əvvəl ÜST rəhbərinin Pekin ilə "qeyri-adi yaxın əlaqələri" olmasından şübhələnir və Avstraliyanın koronavirusun mənşəyini araşdırmaq təşəbbüsünü dəstəkləyir.

SalamNews RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo keçirdiyi mətbuat konfransında məlumat verib.

"Bildiyimə görə, doktor Tedrosun (ÜST-ün direktoru Tedros Adhan Gebreyesus ) pandemiyadan çox əvvəl  Pekin ilə qeyri-adi yaxın əlaqələri olub, bu dərin narahatlıq doğurur", Pompeo ətraflı məlumat vermədən açıqlayıb.

O, Avstraliyanın yeni növ koronavirusun yayılmasının səbəbləri ilə bağlı müstəqil araşdırma aparmaq təşəbbüsünü dəstəklədiyini bildirib.

"Biz avstraliyalıların və ABŞ-ın virusun mənşəyini araşdırmaq çağırışına cavab verən 100-dən çox ölkəni dəstəkləyirik. Harada səhvə yol verildiyini anlayaq, indi və gələcəkdə həyatımızı xilas edək", o deyib. 

Pompeo Çin rəhbərliyinə qarşı ittihamlarını təkrarlayıb.