AZƏRBAYCAN » CƏMİYYƏT
22 May 2020, 17:00 (GMT +4)

Azərbaycanlı alimlərin elmi məqaləsi nüfuzlu beynəlxalq nəşriyyatın hazırladığı kitabda dərc olunub

Bakı, 22 may, SalamNews.Bakı Ali Neft Məktəbinin Neft-Qaz mühəndisliyi kafedrasının professoru Fuad Vəliyev və AMEA-nın Birinci vitse-prezidenti, akademik İbrahim Quliyevin uzunmüddətli elmi əməkdaşlığı nəticəsində mənfi təzyiq modeli əsasında ekstremal geoloji proseslərin genezisinə prinsipial yeni yanaşma işlənib hazırlanıb.

Nəzəri və eksperimental elmi-tədqiqat işlərinin nəticəsi onu deməyə əsas verib ki, Yer təkində baş verən bir sıra dinamik proseslərə mənfi təzyiq effekti və digər termohidrodinamik amillərin sinergetik təzahürü kimi baxmaq olar və mənfi təzyiq dalğaları geofizik proseslərin təkamül və təzahüründə həlledici faktorlardan biri olaraq dəyərləndirilməlidir. Təqdim olunmuş model ekstremal geoloji proseslərin (zəlzələlər, vulkanlar və s.) mexanizmi barədə bir sıra prinsipial suallara cavab verməyə imkan yaradıb.

Bu barədə ilkin məlumat hələ 2014-cü ildə Kanadada nəşr olunan “Applied Physics Research” jurnalında çap olunmuş məqalədə verilmiş və elmi dairələrdə böyük maraq doğurmuşdu. Daha sonra nüfuzlu beynəlxalq “Book Publisher International” nəşriyyatı mövzuya xüsusi diqqət yetirmiş və bu ilin əvvəlində məqalə daha geniş formatda “Theory and Applications of Physical Science” (“Fiziki elmlərin nəzəriyyəsi və tətbiqi”) kitabında, “Mənfi təzyiq dalğalarının geofiziki proseslərdə mümkün rolu haqqında” başlığı altında ayrıca fəsil şəklində dərc olunub.

Real hidravlik sistemlərdə mənfi təzyiq effekti ilk dəfə prof. Fuad Vəliyev tərəfindən aşkar edilmiş və bu barədə məlumat hələ 1983-cü ildə “Journal of Engineering Physics” jurnalında dərc olunmuş məqalədə verilib. Mənfi təzyiq effekti enerjiqoruyucu texnologiyaların işlənib hazırlanması və neftçıxarma proseslərinin effektivliyinin artırılması məqsədilə istifadə olunub.