AZƏRBAYCAN » RAMAZAN
23 May 2020, 00:05 (GMT +4)

İlin müstəsna mənəvi fürsəti bitməkdədir - Ramazanın 29-cu gününün duası

Bakı, 23 may, SalamNews. Müsəlman öz ismətinin toxunulmaz qalmasını istəyirsə, digərləri ilə münasibətdə də buna riayət etməlidir. Bu, ramazanın 29-cu gününün münacatında yer alan mənəvi mesajlardan biridir.

SalamNews xəbər verir ki, bu gün mübarək ramazan ayının 29-cu günüdür. Bu günün münacatında hər bir müsəlmana tövsiyə edilir ki, Allahdan öz ismətinin qorunub saxlanılmasında yardım diləsin. Müsəlmana Allah qarşısında ibadətlər yerinə yetirmək əmr olunduğu kimi, onun insanlar qarşısında da vacib olan əməlləri var.

Bu vacib əməllərdən biri bir kəsə töhmət verilərkən və ya onun haqqında qeybət edilərkən ona qulaq asmamaq, buna etiraz etmək və bu barədə ətrafda danışmamaqdır.

Hədislərdə deyilir ki, bir möminin isməti, cəmiyyətdəki ad-sanı Kəbə evinin əzəməti qədər toxunulmazdır.

Ramazan ayının 29-cu gününün duası:

"Allahummə ğəşşini fihi bir-rəhməh. Vərzuqni fihit-tovfiqə vəl-isməh. Və təhhir qəlbi min ğəyabihit-tuhməh. Ya rəhimən bi-ibadihil-mu-minin."

Tərcüməsi:

"İlahi, bu gün məni öz sonsuz rəhmətinlə əhatə et! Bu gün mənə müvəffəqiyyət və ismət nəsib et! Ürəyimi töhmətçilik qaranlığından təmizlə! Ey mömin bəndələrinə rəhmli olan Allah!".