RUSİYA » SİYASƏT
17 İyul 2020, 14:46 (GMT +4)

Peskov: Putin və Ərdoğan çox çətin vəziyyətlərdə həll yolları tapa bilirlər

Bakı, 17 iyul, SalamNews. Rusiya Prezidenti Vladimir Putin diplomatik üsullardan mükəmməl istifadə edir və həmişə verdiyi vədləri dərhal yerinə yetirir. Bunu  dövlət başçısının mətbuat katibi Dmitri Peskov açıqlayıb.

SalamNews-un məlumatına görə, o, Putin və türk həmkarı Rəcəb Tayyib Ərdoğanın iş üsullarını müqayisə edib.

"Burada söhbətin xarakteri və tonu çox dərəcədə prezidentin həmkarı ilə münasibətlərindən asılıdır: kiminləsə ilk dəfə görüşür, kiminləsə uzun illərə söykənən dialoq təcrübəsi var. Söhbətin necə davam edəcəyi bundan asılıdır", Peskov "Avtoradio"ya müsahibəsində deyib.

Peskov hesab edir ki, Putin və Ərdoğan "bir-birlərinə çox bənzəyirlər və buna görə də Suriyadakı vəziyyətlə bağlı olduğu kimi çox, çox çətin vəziyyətlərdə həll yolu tapmağı bacarırlar".

"Onlar bir araya gəlirlər və hər ikisi verdiyi sözlərə görə məsuliyyət daşıyır. Hər ikisi vəziyyətə nəzarət edir, hər ikisi məsuliyyətli və sürətli qərarlar qəbul etmək iqtidarındadır və bunu edirlər", Peskov bildirib.

Peskov, Putinin beynəlxalq səviyyədə danışıqlar apararkən "başqa halların da müşahidə edildiyini" etiraf edib.