AZƏRBAYCAN » İQTİSADİYYAT
24 İyul 2020, 13:34 (GMT +4)

İlin birinci yarısında Bakı Limanında yükaşırma 27 faiz artıb

Bakı, 24 iyul, SalamNews. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin 6 ay ərzində yükaşırması 27 faiz artıb.

QSC-dən SalamNews-a bildirilib ki, Bakı Limanı cari ilin birinci yarısını uğurla başa vurub. Hazırda bütün dünyada COVID-19 pandemiyası ilə bağlı olaraq yaranmış vəziyyətə baxmayaraq, yükaşırmaların göstəricisində ciddi artım qeydə alınıb. Ümumilikdə ilin 6 ayı ərzində yükaşırmanın həcmi 2 milyon 524,8 min ton təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən (1 milyon 981,2 min ton) 27 faiz çoxdur. Ümumi yükaşırmanın 87 faizi və ya 2 milyon 192,8 min tonu tranzit yüklərin payına düşüb.

Birinci yarımildə ən ciddi artım quru yüklərin aşırılmasında qeydə alınıb. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə quru yüklərin aşırılmasında 5 dəfə artım olub və 401 min ton təşkil edib. Eyni dövrdə irihəcmli nəqliyyat vasitələrinin (TIR-ların) sayı 14,4 faiz artaraq 17 min 173 ədəd olub. Bunlardan 11 min 776 ədədi (68,6 faiz) Bakı-Türkmənbaşı-Bakı, 5397 ədədi isə (31,4 faiz) Bakı-Kurık-Bakı istiqamətində hərəkət edib.

Qeyd edək ki, COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə bu il martın əvvəllərindən etibarən liman ərazisində və “Qırmızı-Körpü” sərhəd-keçid məntəqəsində sürücülər COVID-19 testindən keçərək yaradılmış karantin-profilaktik (steril və neytral) zonalara yerləşdirilir. Görülmüş tədbirlər nəticəsində COVID-19 pandemiyası dövründə Orta Dəhlizin və onun tərkib hissəsi olan Bakı Limanının məhdudiyyətsiz, stabil və etibarlı formada işləməsi yükaşırmanın artmasını şərtləndirən əsas səbəblərdən biri olub.