DÜNYA » SİYASƏT
01 Sentyabr 2020, 17:41 (GMT +4)

Ankara şərqi Aralıq dənizi və Egeydə haqqı nədirsə onu tələb edir - Ərdoğan

Bakı, 1 sentyabr, SalamNews. Türkiyənin Aralıq dənizindəki hüquqlarını pozmaq cəhdləri haqsızlıqdır. Ölkəmizi inkişafını məhdudlaşdırmağa və dayandırmağa çalışırlar.

SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan  açıqlayıb.

Ərdoğan bildirib ki, bir sıra ölkələrin şərqi Aralıq dənizinin resurslarını ələ keçirtmək istəyi "müasir müstəmləkəçiliyin" göstəricisidir.

“780 min kvadrat kilometr ərazisi olan Türkiyəni Aralıq dənizində 10 kvadrat kilometrlik bir ada ətrafında geniş  dəniz zonası tutaraq qandallamağa çalışırlar. Bu ədalətsizlik və qanunsuzluğun göstəricisi deyilmi?", o deyib.

Onun sözlərinə görə, Ankara şərqi Aralıq dənizi və Egey dənizində öz haqqı nədirsə onu tələb edir:

“Ankara bölgədəki kulisarxası oyunlarından bezib. Öz inkişafına belə töhfə verə bilməyən dövlətin Türkiyə kimi güclü regional və qlobal oyunçuya qarşı çıxmaq cəhdləri  gülüncdür".

Ərdoğan, Ankaranın rəqiblərinin Türkiyənin inkişafını dayandıra bilməyəcəyini qeyd edib.