AZƏRBAYCAN » CƏMİYYƏT
19 Oktyabr 2020, 18:01 (GMT +4)

Türkiyədə yaşayan azərbaycanlı iş adamı ön cəbhədə əsgərlərə xidmət göstərir (FOTO)

Bakı, 19 oktyabr, SalamNews. Türkiyədə fəaliyyət göstərən iş adamı Ələkbər Bəxşəliyev döyüşlər başlayan gündən vətənə qayıdaraq döyüş bölgəsinə yollanıb. 

SalamNews-un bölgəyə ezam olunmuş müxbirinin verdiyi xəbərə görə, biznesmen və onun dostları arxa cəbhədə hazırladıqları yardım yüklərini hər gün cəbhənin bir neçə istiqamətinə çatdırırlar.

Ələkbər Bəxşəliyev üçün bu bölgə yad deyil. O, Tərtərdə doğulub. Atası mərhum Şahin Bəxşəliyev qarabağlıların yaddaşında qalan, birinci Qarabağ müharibəsində ön cəbhəyə yorulmadan yardım edən insanlardan biri olub.

Müxbirimizlə ayaqüstü söhbət edən iş adamı təəssüratlarını bölüşüb: 

"Bu gün haqq və batil savaşıdir, Vətən müharibəsidir. Ürəyi Vətən sevgisi ilə döyünən hər kəsin, eləcə də, Əhlibeyt sevər hər bir mömin şəxsin ürəyi bu gün burada olmalıdır. Hər kəs əlindən gələni Vətən uğrunda etməyə çalışmalıdır".

Bəxşəliyev Ələkbər Şahin oğlu 1983-cü ildə Azərbaycanın Tərtər rayonunda doğulub. Birinci Qarabağ müharibəsi onun uşaqlıq illərinə təsadüf edib. 

Bakıda "Təfəkkür" Universitetində, daha sonra Moskva Humanitar Universitetində (MosGU) ali təhsil alan Bəxşəliyev Moskvada, daha sonra İstanbulda "SAVİOR 313 Tourism" şirkətini qurub. O, Azərbaycanda xeyriyyə və maarifçilik fəaliyyəti ilə yanaşı İstanbulda da müxtəlif sahələri əhatə edən faydalı və uğurlu işlərə imza atıb.

Azərbaycanlı uşaqların təhsillə bağlı problemlərinin həllinə kömək, gənclər üçün idman klublarının yaradılması, soydaşlarımız arasında milli və dini dəyərlərin təbliği Ələkbər Bəxşəliyevin fəaliyyətinin başlıca prioritetlərindəndir.