AZƏRBAYCAN » SİYASƏT
21 Oktyabr 2020, 17:12 (GMT +4)

İspaniyanın “La Vanguardia” qəzeti Zəngilan şəhərinin azad edilməsindən yazıb

Bakı, 21 oktyabr, SalamNews. İspaniyanın “La Vanguardia” qəzeti Zəngilan şəhərinin və digər yaşayış məntəqələrinin Azərbaycan Ordusu tərəfindən azad edilməsindən yazıb.

SalamNews Azərtac-a istinadən xəbər verir ki, bununla bağlı dərc edilən yazıda bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev televiziya ilə xalqa müraciətində Zəngilan şəhərinin və daha 24 kəndin azad olunduğunu elan edib.

Qeyd edilir ki, Prezident İlham Əliyev Ermənistanın işğal olunmuş ərazilərdə azərbaycanlıların mədəni irsini məhv etməsini pisləyib. Dövlət başçısı “Biz Böyük Qayıdış astanasındayıq”, - deyib.

"La Vanguardia" Prezident İlham Əliyevdən sitat gətirir: “Əminəm ki, bu gün işğalçılardan azad edilmiş bütün torpaqlara Azərbaycan vətəndaşları qayıdacaqlar. O torpaqlarda yaşayacaqlar, sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yaradacaqlar”.

İspan nəşri bildirir ki, Zəngilan şəhəri Azərbaycanın İranla sərhədindən bir neçə kilometr məsafədə yerləşir.