AZƏRBAYCAN » SİYASƏT
27 Oktyabr 2020, 15:35 (GMT +4)

Hesablama Palatası xarici həmkarlarını erməni vandalizmi barədə məlumatlandırıb

Bakı, 27 oktyabr, SalamNews. Hesablama Palatası sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin başladığı hücuma cavab olaraq Azərbaycan Ordusu tərəfindən aparılan əks-hücum əməliyyatlarının nəticələri barədə xarici həmkarlarını məlumatlandırıb.

Palatanın mətbuat xidmətindən SalamNews-a bildirilib ki, məlumatda aparılan əks-hücum tədbirlərinin edilən hücumların qarşısının alınması, BMT-nin 1993-cü ildə işğal edilmiş torpaqların qeyd-şərtsiz azad edilməsi ilə bağlı qəbul etdiyi və icra edilməmiş 822, 853, 874 və 884 nömrəli qətnamələrinin icrasını təmin etmək məqsədi daşıdığı göstərilib.

Eyni zamanda, Ermənistan silahlı qüvvələri tərəfindən 65 nəfər mülki vətəndaşın, o cümlədən uşaqların və yaşlıların həlak olduğu, 297 nəfərin yaralandığı, təcavüz nəticəsində vətəndaşların və dövlətin əmlakına ciddi ziyan dəydiyi, bir sıra obyektlərin tam dağıdıldığı qeyd edilib. Hesablama Palatası aparılmış uğurlu əməliyyatlar nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqların azad edilməsi, həmin dövrdə bu torpaqlarda həyata keçirilmiş vandalizm aktları barədə məlumat verib, həmin rayon və şəhərlərin dağıdılması, infrastrukturunun tam yox edilməsi, ekoloji mühitə ziddi ziyan vurulması və təbii sərvətlərin amansızcasına istismar olunması xarici həmkarların diqqətinə çatdırılıb.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən azad edilmiş torpaqlarda infrastrukturun bərpası ilə bağlı verilmiş tapşırıqlar artıq icra olunmaqdadır. Məlumat Audit Orqanlarının Beynəlxalq Təşkilatı olan INTOSAI-ın, bu təşkilatın regional bölmələrinin - EUROSAI-ın (Ali Audit Qurumlarının Avropa Təşkilatı), ASOSAI-ın (Ali Audit Qurumlarının Avropa Təşkilatı), ECOSAI-ın (İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Ali Audit Qurumları Təşkilatı) prezidentlikləri və baş katibliklərinə, MDB-yə üzv Dövlətlərin Ali Audit Orqanlarının Rəhbərlər Şurasına, həmçinin ayrı-ayrı ölkələrin ali audit orqanlarına təqdim edilib.