AZƏRBAYCAN » SİYASƏT
15 Yanvar 2021, 15:00 (GMT +4)

Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlıları birgə təlimlər keçirəcək

Bakı, 15 yanvar, SalamNews. Azərbaycan Ordusu ilə Pakistan və Türkiyə Silahlı Qüvvələri birgə hərbi təlimlər keçirəcək.

SalamNews xəbər verir ki, bu məsələ müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Pakistanın Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşündə müzakirə olunub.

Görüşdə hərbi əməkdaşlığın hər iki ölkənin maraqlarına cavab verdiyi əsas gətirilərək bu istiqamətdə səylərin daha da artırılmasının zəruriliyi vacib hesab edilib.

Müzakirələr zamanı Azərbaycan Ordusu ilə Pakistan və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin, o cümlədən xüsusi təyinatlı qüvvələrin cəlb edilməsi ilə birgə hərbi təlimlərin keçirilməsi, təcrübə mübadiləsi məqsədilə hərbi qulluqçuların qarşılıqlı səfərlərinin təşkili və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 15-də Pakistanın Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb.