DÜNYA » SİYASƏT
19 Yanvar 2021, 17:57 (GMT +4)

Ərdoğan: Türkiyə bölgədə balanslaşdırıcı amillərdən biridir

Bakı, 19 yanvar, SalamNews. Türkiyə təzyiq, xəyanət və quramalar zolağını uğurla geridə qoyaraq bölgədə və bütün dünyada balanslaşdırıcı amillərdən birinə çevrilib. SalamNews Anadolu-ya istinadən xəbər verir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı videokonfrans rejimində hakim partiyanın 5 vilayət təşkilatının iştirakçılarına müraciət edərkən deyib. 
Dövlət başçısının sözlərinə görə, Türkiyə öz yolu ilə getməyə, qarşısına qoyduğu hədəflərə çatmağa səy göstərir.
Türkiyə prezidenti bildirib ki, iqtisadi və qanunvericilik sahələrindəki yeni islahatlar paketi yaxın zamanlarda ictimaiyyətə təqdim ediləcək. 
Ərdoğan xatırladıb ki, lideri olduğu Ədalət və inkişaf partiyası Türkiyədə son 18 ildə keçirilmiş 15 müxtəlif seçkidə qalib gəlib və bu, xalqın etimadının göstəricisi, habelə ölkənin gələcək uğurları üçün zəmanətdir.