DÜNYA » SİYASƏT
22 Yanvar 2021, 10:24 (GMT +4)

Türkiyə Xəzər dənizi üzrə Bakı-Aşqabad razılaşmasını alqışlayır

Bakı, 22 yanvar, SalamNews. Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycan və Türkmənistanın Xəzər dənizindəki "Dostluq" karbohidrogen yatağının birgə kəşfiyyatı və işlənməsi üzrə Memorandumun imzalanmasını alqışlayıb.

"Biz Xəzərdə "Dostluq" karbohidrogen yatağının birgə kəşfiyyatı və işlənməsi ilə bağlı Azərbaycanla Türkmənistan arasında imzalanan razılaşmanı alqışlayırıq", nazirliyin açıqlamasında deyilir.

SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, Ankara, sənədin iki ölkə arasındakı dostluğun möhkəmlənməsinə töhfə verəcəyinə, Türkmənistan və Azərbaycanın dost və qardaş xalqlarına faydalı olacağına, bölgənin çiçəklənməsinə və sabitliyinə xidmət edəcəyinə ümidvardır.

Qeyd edək ki, ötən gün Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb.