DÜNYA » SİYASƏT
26 Yanvar 2021, 11:49 (GMT +4)

Taliban nümayəndə heyətini Tehrana göndərib

Bakı, 26 yanvar, SalamNews, B,Samid. Taliban hərəkatı ABŞ-la sülh sazişi imzaladıqdan və Əfqanıstan hökumətilə danışıqlara başladıqdan sonra Tehrana da nümayəndə heyəti göndərib.

SalamNews xəbər verir ki, bu barədə Talibanın siyasi bürosunun mətbuat katibi Məhəmməd Nəim rəsmi tvitter səhifəsində yazıb.

O bildirib ki, hərəkatın liderinin müavini Molla Bəradər Axundun rəhbərlik etdiyi nümayəndə heyəti Tehrana gedib.

İranın Xarici İşlər Nazirliyi bu məlumatı təsdiqləyib.

Məhəmməd Nəim bildirib ki, Taliban nümayəndə heyəti bu səfərdə İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə və İranın Əfqanıstan üzrə nümayəndəsilə görüşərək, region məsələlərini müzakirə edəcəklər.

Qeyd edək ki, Taliban ötən il Donald Tramp Administrasiyası ilə sülh sazişi imzalayıb və daha sonra Əfqanıstan hökumətilə danışıqlara başlayıb.

Taliban bu danışıqlar fonunda İslamabada, Taşkəndə, Moskvaya və Tehrana nümayəndə heyətlərini göndərib.