DÜNYA » SİYASƏT
10 Fevral 2021, 13:47 (GMT +4)

Husilər Səudiyyə Ərəbistanına hücumları dayandırmağın şərtini açıqlayıblar

Bakı, 10 fevral, SalamNews, B,Samid. “Bu gün ABŞ Administrasiyasına və Səudiyyə Ərəbistanı rəhbərliyinə çağırış edib deyirəm ki, Yəməndə Milli Qurtuluş Hökumətinin nəzarətində olan bölgələrə hava zərbələriniz dayananda, bizim də sizə endirdiyimiz zərbələr dayanacaq.”

SalamNews RT.Arabic-ə istinadla xəbər verir ki, bunu husilərin dəstəklədiyi Yəmənin “Milli Qurtuluş Hökuməti”nin xarici işlər naziri Hişam Şərəf keçirilən son mətbuat konfransında deyib.

ABŞ Administrasiyasının, Səudiyyə Ərəbistanına hücumların dayandırılması ilə bağlı husilər qarşısında qaldırdığı son tələbinə münasibət bildirən Hişam Şərəf, bu hücumların, qarşı tərəfin hava zərbələrini dayandıracağı təqdirdə durdulacağını bildirib.

O həmçinin əlavə edib ki, "Yəməndə gələcəkdə baş tutacaq hər hansı bir sülh planında Ənsarulla hərəkatının əsas tərəflərdən biri olması labüddür."

Qeyd edək ki, ABŞ Dövlət Katibliyi bundan öncə husilərdən Səudiyyə Ərəbistanına hücumları dayandırmağı tələb edib. ABŞ hökuməti ötən həftə elan edib ki, Yəmən müharibəsində Səudiyyə Ərəbistanına hərbi dəstəyi də dayandırıb.