DÜNYA » SİYASƏT
06 Aprel 2021, 09:31 (GMT +4)

Husilər Ramazan ayı ərəfəsində bütün əsir və məhbusların mübadiləsinə hazır olduqlarını bildiriblər

Bakı, 6 aprel, SalamNews, B.Samid. Husilər Ramazan ayının çatması ilə bağlı Səudiyyə Ərəbistanı hərbi koalisiyasına bütün əsir və məhbusların mübadiləsilə bağlı təklif irəli sürüblər.

SalamNews xəbər verir ki, bunu mərkəzi qərargahları paytaxt Sənada yerləşən “Yəmənin Ali Siyasi Şurası”nın üzvü Məhəmməd Əli əl-Husi rəsmi tvitter səhifəsində yazıb.

O bildirib ki, “Yəmən Silahlı Qüvvələri və Milli Qurtuluş Hökuməti Səudiyyə Ərəbistanı koalisiyası ilə bütün əsirlərin dəyişdirilməsi prosesinə hazırdır.”

O əlavə edib ki, “əgər bu işdə hər hansı bir təxir olsa, məsuliyyəti Səudiyyə Ərəbistanı koalisiyası, BMT və Yəmənə təcavüzə dəstək verən ABŞ və Britaniya daşıyacaq.”

Qeyd edək ki, Səudiyyə Ərəbistanı koalisiyası 2015-ci ilin martından Yəməndə hərbi müdaxiləyə başlayıb. Hazırda Yəmənin 14 əyaləti, yəni ölkə əhalisinin yaşadığı bölgələrin yarıdan çoxu hava, quru və sudan mühasirədədir. Bura yanacaq, ərzaq və dava-dərmanın daxil edilməsi məhdud şəkildə həyata keçirilir.