DÜNYA » İQTİSADİYYAT
13 Aprel 2021, 15:48 (GMT +4)

Suveyş kanalını bloklayan gəminin sahibinin ödəməli olacağı cərimə məbləği açıqlanıb

Bakı, 13 aprel, SalamNews, B.Samid. Misirin aidiyyatı məhkəməsi Evergreen gəmisinin maliki olan şirkətdən 900 milyon dollar cərimənin ödənilməsini tələb edir.

SalamNews Sputnik.Arabic-ə istinadla xəbər verir ki, Misirin İsmailiyyə Əyalətinin İqtisadi Məhkəməsi hazırda ölkə sularında saxlanılmaqda olan Evergreen gəmisinin malik olduğu şirkət qarşısında tələb irəli sürüb.

Misirin Suveyş kanalının şurasının şikayəti əsasında qaldırılmış bu məhkəmə işinə əsasən gəmiyə malik olan şirkət birinciyə 900 milyon dollar kompensasiya ödəməlidir.

Əlavə edilib ki, təyin edilmiş cərimə məbləği ödənilməsə Evergreen gəmisi buraxılmayacaq.

Qeyd edək ki, sözügedən gəmi ötən ay Suveyş kanalından keçəndə məcrasından çıxaraq kanalı bloklayıb. Bir həftə sonra gəmi ərazidən çıxarılıb və strateji su kanalının işi bərpa edilib.

Məlumata görə bu su dəhlizindən günə 4.5 milyard dollarlıq yük keçir.