DÜNYA » SİYASƏT
14 Aprel 2021, 12:10 (GMT +4)

İran prezidenti uranın 60 faizədək zənginləşdirilməsi qərarından geri addım atmağın şərtini açıqlayıb

Bakı, 14 aprel, SalamNews, B.Samid. “Sanksiyalar götürülərsə uranın 60 faizədək zənginləşdirilməsi qərarından geri addım atmağa hazırıq.”

SalamNews İRNA-a istinadla xəbər verir ki, bunu İranın prezidenti Həsən Ruhani Nazirlər kabinetinin iclasında çıxışı zamanı deyib.

Həsən Ruhani ölkədə uranın 60 faizədək zənginləşdirilməsilə bağlı qərara münasibət bildirib və bunun Nətənzdə törədilən təxribata cavab olduğunu deyib.

O qeyd edib ki, İran bu qərardan o zaman geri addım atar ki, sanksiyalar tam şəkildə və birdəfəlik aradan qaldırılsın.

Bu arada Ağ Ev sözçüsü Cenifer Psaki bildirib ki, 5+1 dövlətləri bu məsələyə ciddi yanaşmalı və birgə bəyanatla İranın addımını pisləməlidirlər.

Eyni zamanda Fransa XİN mənbələri İranın bu qərarını “təhlükəli addım” kimi qiymətləndiriblər.

Bildirək ki, İran Nətənzdə uranın zənginləşdirildiyi komplekslərin birində elektrik şəbəkəsinin partladılmasına cavab olaraq uranın zənginləşdirilməsi işinin 60 faizədək qaldırılması barədə qərar verib və artıq buna başlayıb.