AZƏRBAYCAN » SİYASƏT
19 İyun 2021, 16:31 (GMT +4)

Hərbi alpinistlərin iştirakı ilə “Qarabağ Azərbaycandır” adlı alpinist ekspedisiyası təşkil edilib

Bakı, 19 iyun, SalamNews. Hərbi Hava Qüvvələrinin bir qrup hərbi qulluqçusunun və “Qartal” Dağçılıq İdman Klubunun təcrübəli alpinistlərinin iştirakı ilə Azərbaycan Ordusunun yaranmasının 103-cü il dönümü ilə əlaqədar alpinist ekspedisiyası təşkil olunub.

Müdafiə Nazirliyindən SalamNews-a verilən məlumata görə, “Qarabağ Azərbaycandır” adlı alpinist ekspedisiyasının üzvləri Böyük Qafqaz sıra dağlarının Bazardüzü massivində (hündürlüyü 4301m) yerləşən adsız zirvəyə yola düşəcəklər.

Hərbçilərin iştirak etdiyi alpinist ekspedisiyası hava şəraiti nəzərə alınaraq iyunun 19-dan 28-dək keçiriləcək.

Ekspedisiyanın rəhbəri polkovnik-leytenant Zal Nəbiyev və “Qartal” Dağçılıq İdman Klubunun rəhbəri Rüfət Qocayev fəth ediləcək zirvəyə yola düşməzdən əvvəl digər alpinistlərlə birlikdə Şəhidlər xiyabanı və İkinci Fəxri xiyabanda Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş igid oğul və qızlarımızın məzarlarını ziyarət ediblər.