DÜNYA » SİYASƏT
26 İyul 2021, 13:44 (GMT +4)

İsrail İranın nüvə dövləti olmasının yaxınlaşması ilə bağlı ABŞ-a xəbərdarlıq edib

Bakı, 26 iyul, SalamNews, B.Samid. İsraillə ABŞ arasında bağlı qapılar arxasında baş tutan son danışıqlar zamanı İranın nüvə dövləti olmağa yaxınlaşması ilə bağlı xəbərdarlıq edilib.

SalamNews xəbər verir ki, bu barədə İsrailin Dövlət Yayım Şurasının saytı makan.org məlumat yayımlayıb.

Bildirilib ki, son zamanlarda İsrailin xarici işlər naziri Yair Lapid və müdafiə naziri Beni Qantsın ABŞ rəsmilərilə danışıqları zamanı qarşı tərəfə xəbərdarlıq edilib.

Məlumata əsasən İsrail tərəfi ABŞ-a İranın nüvə dövlətləri cərgəsinə daxil olmağa yaxınlaşdığını bildirib.

Qeyd edək ki, İsrail ABŞ-dan İrana qarşı hərbi addımların atılmasını tələb edir. ABŞ hökuməti isə İranla sabiq nüvə sazişinin bərpa edilməsi istiqamətində danışıqlar aparır. İran, ABŞ-ın sazişdən çıxması və sanksiyalara başlamasından sonra, eləcə də Nətənz nüvə obyektində törədilən təxribatdan və nüvə alimi Fəxrizadənin terrora məruz qalmasından sonra təsisatlarında yeni nəsil sentrifuqa cihazları quraşdırıb və uranın zənginləşdirilməsini 60 faizə çatdırıb.