DÜNYA » SİYASƏT
26 İyul 2021, 16:56 (GMT +4)

Tunis parlamentinin sədri “çevrilişin” arxasında bir ərəb dövlətinin durduğunu bildirib

Bakı, 26 iyul, SalamNews, B.Samid. Prezidentin qərarı ilə buraxılmış Tunis Parlamentinin sədri Raşid Əlğənnuşi ölkədəki son siyasi prosesləri çevriliş adlandırıb və onun arxasında Birləşmiş Ərəb Əmirliklərinin durduğunu bildirib.

SalamNews xəbər verir ki, Tunisdə buraxılmış parlamentin sədri və ən-Nəhda hərəkatının lideri Raşid Əlğənnuşi bunu rəsmi tvitter səhifəsində yazıb.

O, hökumətin istefaya göndərilməsi və parlamentin buraxılmasını konstitusiyaya zidd addım və çevriliş adlandırıb, bu prosesin qarşısında Birləşmiş Ərəb Əmirliyinin durduğunu iddia edib.

Qeyd edək ki, Tunisin prezidenti Qeys Səid ötən gün təhlükəsizlik şurası üzvləri və ordu başçıları ilə keçirdiyi toplantının ardından baş nazir Hişam əl-Mşeşini istefaya göndərib, eləcə də islamçı ən-Nəhda hərəkatı üzvlərinin çoxluq təşkil etdiyi parlamentin buraxılması qərarını verib.

Qərara əsasən parlament üzvlərinin toxunulmazlığı da ləğv edilib.

Ordu və təhlükəsizlik qüvvələri paytaxtda parlament də daxil olmaqla bir çox obyektləri nəzarətə götürüb.