AZƏRBAYCAN » SİYASƏT
27 İyul 2021, 12:25 (GMT +4)

Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədrini qəbul edib

Bakı, 27 iyul, SalamNews. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

SalamNews xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev Türkiyə dövlətinin başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.

Görüşdə Türkiyə Böyük Millət Məclisinin sədrinin ölkəmizə səfərinin Azərbaycanla Türkiyə arasında əlaqələrin daha da möhkəmlənməsi işinə töhfə verəcəyi qeyd edildi. Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətinin Şuşaya edəcəyi səfərin önəminə toxunularaq bildirildi ki, Azərbaycan və Türkiyə prezidentləri arasında imzalanan müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi əlaqələrimizin daha yüksək səviyyəyə qalxmasına xidmət edir. Söhbət zamanı Azərbaycanla Türkiyə arasında bütün sahələrdə uğurlu işbirliyinin olduğu vurğulandı.