DÜNYA » SİYASƏT
29 İyul 2021, 16:48 (GMT +4)

İran Qarabağda atəşkəsin pozulmasına münasibət bildirib

Bakı, 29 iyul, SalamNews, B.Samid. İran Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında atışmaya münasibət bildirib.

SalamNews İSNA-a istinadla xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə Qarabağda atəşkəsin pozulmasına görə narahat olduqlarını dilə gətirib.

İki ölkə Silahlı Qüvvələrinin sıralarında ölən və yaralananların olduğuna görə təəssüf etdiyini bildirən İran rəsmisi tərəfləri təmkinli və soyuqqanlı olmağa çağırıb və sərhəd zolağı ilə bağlı ixtilafların dinc yolla həll edilməsini istəyib.

Səid Xətibzadə hər iki ölkəni qarşıdurmanı geridə qoymağa, beynəlxalq sərhədlərə riayət etməyə və Qafqazın cənubunda daimi sülhə nail olmağa çağırıb.

İran rəsmisi bildirib ki, ölkəsi regionda daimi sülhün bərqərar edilməsi üçün yardım etməyə hazırdır.

Qeyd edək ki, son günlərdə Ermənistan Silahlı Qüvvələri Kəlbəcər rayonu istiqamətində bir neçə dəfə atəşkəsi pozub. Düşmən cavab atəşi ilə susdurulub.